Əli İnsanovun məhkəmə istintaqı yekunlaşıb

Əli İnsanovun məhkəmə istintaqı yekunlaşıb Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin olunub
Hadisə
19 Aprel , 2017 16:39
Əli İnsanovun məhkəmə istintaqı yekunlaşıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan olunub.

Ə.İnsanov dərman qablarının ekspertizadan keçirilmədiyini deyib: "Həmçinin zərərçəkmiş Anar Məmmədovu komputer tomaqrafiyasından keçirməyiblər. Çünki elə zədə olmayıb. Bunu şifahi yazıblar".

Ə.İnsanovun vəkili Ağaveys Şahverdi müvəkkilinin cinayət işində göstərilən cırdığı protokolun iş materiallarında olmadığını söyləyib.

Hakim bildirib ki, həmin protokol maddi sübut kimi saxlanılır.

Vəkil sübutların əsassız hesab olunması barədə vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib.

Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin olunub.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Qaradağ Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi