“Sosial şəbəkələrdə yazılanlardan belə başa düşülür ki, guya polis zibil atanların hamısından üzr istəyib. Amma bu, kökündən yanlış qənaətdir”.
Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
O bildirib ki, yalnız polis əməkdaşı tərəfindən “dovşansınız” deyilən qadından həmin ifadəyə görə üzr istənilib və o ifadəni işlədən əməkdaş da Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib:
“Başqa heç kimdən üzr istənilməyib. Çünki orada karantin rejiminə nəzarəti həyata keçirən polis sırf qanuni tədbirini görüb və qanundan kənara çıxma halları olmayıb. Barəsində tədbir görülən vətəndaşlar da karantin rejimini pozduqlarına və polisə müqavimət göstərdiklərinə görə haqlı olaraq cəzalanıblar”, – E.Zahidov bildirib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
“Buna baxmayaraq, polis əməkdaşları karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb. Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına aparılıblar”, - məlumatda bildirilib.
Saxlanılan şəxslərin barəsində məhkəmə tərəfindən inzibati həbs cəzası verilib.