DTX-nin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır” mövzusunda tədbir keçirilib

DTX-nin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır” mövzusunda tədbir keçirilib Bakı. 6 mart. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyev gənclərdə vətənpərvərlik hissinin formalaşdırılmasını və inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsini təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi dəyərləndirirdi. Dahi şəxsiyyət dəfələrlə vurğulayırdı ki, xalqımızda, yetişən gənc nəsil arasında Vətəni sevmək, torpağa, millətə sədaqət hisslərini tərbiyə etmək, eləcə də sağlam və yüksək mənəvi-əxlaqi keyfiyyətləri özündə cəm edən gəncliyi formalaşdırmaq və inkişaf etdirmək ümumi vəzifəmizdir.
Hadisə
6 Mart , 2018 20:04
DTX-nin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır” mövzusunda tədbir keçirilib

Bakı. 6 mart. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyev gənclərdə vətənpərvərlik hissinin formalaşdırılmasını və inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsini təkcə dövlət orqanlarının deyil, həm də ümumxalq işi kimi dəyərləndirirdi. Dahi şəxsiyyət dəfələrlə vurğulayırdı ki, xalqımızda, yetişən gənc nəsil arasında Vətəni sevmək, torpağa, millətə sədaqət hisslərini tərbiyə etmək, eləcə də sağlam və yüksək mənəvi-əxlaqi keyfiyyətləri özündə cəm edən gəncliyi formalaşdırmaq və inkişaf etdirmək ümumi vəzifəmizdir.

DTX-nin İctimai əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Azərbaycanda gənclərin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət, dövlətə sədaqət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində digər aidiyyəti orqanlar və təşkilatlarla yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də fəallığı ilə seçilir.

DTX-nin rəhbər əməkdaşlarının, təhlükəsizlik orqanlarının və müharibə veteranlarının iştirakı, digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının yaxından dəstəyi ilə müxtəlif mövzularda, o cümlədən vətənpərvərlik, dövlətçilik, müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi, yetişməkdə olan nəslin yad təsirlərdən qorunması və sair aktual mövzularda gənclərimizlə görüşlər, konfranslar, forumlar və məlumat turları mütəmadi olaraq təşkil edilir.

Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaranmasının 99-cu ildönümü ərəfəsində bu nəcib ənənəyə sadiq qalan Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə martın 6-da Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə “Azərbaycan gəncliyi Vətənin təhlükəsizliyini qorumağa hazırdır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət və rəşadət göstərmiş Milli qəhrəmanlar, “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvləri – uzun müddət təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, DTX-nin məsul əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, eləcə də rayonun hüquq mühafizə orqanlarının və digər strukturlarının rəhbərliyi, incəsənət xadimləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantları, rayon ərazisində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin tələbələri, məktəbin müəllim-şagird kollektivi, kütləvi informasiya vasitələrinin nümayəndələri, valideynlər və digərləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Dövlət himni səsləndirilib.

Məktəbin direktoru, Əməkdar Müəllim Səadət Veysova tədbirdə çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyini və şəxsi heyətini qarşıdan gələn peşə və Novruz bayramları münasibətilə təbrik edərək 99 il əvvəl təşəkkül tapmış Azərbaycan təhlükəsizlik orqanlarının dövlətçilik maraqlarının və təhlükəsizliyin etibarlı qorunmasında önəmli rolundan danışıb və bu yolda onlara uğurlar arzulayıb. Belə tədbirlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynadığını qeyd edən məktəb direktoru bu tədbirin 20 nömrəli məktəb-liseydə təşkilinə görə DTX rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevə minnətdarlığını bildirib.

Qeyd olunub ki, müasir dövrdə gənclər siyasəti sayəsində qazanılan nailiyyətlər hər bir dövrün ümumi inkişaf səviyyəsini, iqtisadi, siyasi potensialını müəyyənləşdirən əsas meyarlardandır.

Möhtərəm Prezident cənab İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşıb. Bu baxımdan ötən il təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan bu mühüm sənədin əsas məqsədi ölkədə gənclər siyasətini daha da inkişaf etdirmək, onların bütün sahələrdə iştirakına geniş imkan yaratmaqdır. Bu hərbi-vətənpərvərlik tədbiri də məhz Dövlət Proqramına uyğun olaraq, gənclərimizin qəhrəmanlıq, azərbaycançılıq, dövlətçilik uğrunda, milli və mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyəsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Tədbirin əsas məqsədi müstəqil Azərbaycanın təhlükəsizliyinin, xalqımızın maraqlarının qorunmasında və cəmiyyətə yad təsirlərin qarşısının alınmasında gənclərimizin iştirakını, bu işlərə töhfə vermək əzmini daha da fəallaşdırmaqdır.

Sonra “Azərbaycanın müasir qəhrəmanlıq məktəbi” adlı film nümayiş olunub.

“Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin üzvləri - təhlükəsizlik orqanlarının veteranları Əli Orucov və Azər Qarayev, Azərbaycanın Milli Qəhrəmanı İntiqam Atakişiyev çıxışlarında xüsusi vurğulayıblar ki, bu gün Azərbaycan dövləti gənclərin intellektual potensialının inkişafını, yüksək səviyyədə təhsil almalarını, onların sağlam və vətənpərvər ruhda böyümələrini daim diqqət mərkəzində saxlayır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın əsl vətənpərvər, dövlətçiliyə, milli mənəvi dəyərlərimizə sadiq müasir Azərbaycan gəncliyinin yetişdirilməsi istiqamətində həyata keçirdikləri fəaliyyət qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Bildirilib ki, hazırda Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Bu isə xalqımızda işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə, ərazi bütövlüyümüzün təmin olunacağına inam hissini daha da artırıb. Bu gün müasir müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə insan şəhid olub və əlil olub. Milli təhlükəsizlik orqanlarının bəzi əməkdaşları da ölkəmizin azadlığı uğrunda həlak olublar və onlardan altısı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Vətən, dövlət, xalq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz vətənpərvərlik nümunəsi göstərmiş Milli qəhrəmanlarımıza, habelə müharibə əlillərinə möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu qayğıdan bəhrələnən vətənpərvər gənclərimiz, Milli qəhrəmanlarımız torpaqlarımızı işğaldan azad etmək uğrunda Ali Baş Komandanın əmrinə tam hazırdırlar.

Ümummilli lider Heydər Əliyevin vətənini canından artıq sevməsini, hələ təhlükəsizlik orqanlarında işləyərkən gələcək müstəqil Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlər barədə məktəblilərə maraqlı məlumatlar verən veteranlar, zəngin əmək fəaliyyətinin 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirən dünya şöhrətli siyasətçi Heydər Əliyevin mənalı ömür yolunun hər bir gəncə örnək olduğunu vurğulayıblar. Çıxış edənlər ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarına daima göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, bu diqqət və qayğı hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilir.

Sonda Xalq Artisti Azər Zeynalovun, 20 nömrəli məktəb-liseyin müxtəlif musiqi müsabiqələrinin qalibləri olan şagirdlərinin, gənc istedadların ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər və ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi