Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İngiltərənin nüfuzlu “Faynenşl tayms” ("Financial Times") qəzetinin müxbiri Ayla Cin Yaklini qəbul edib.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonağa məlumat verilib.
Bildirilib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli ölkə başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara böyük qayğı və diqqət göstərir.
Qeyd olunub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq istəyir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
Həmçinin bildirilib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. İşğal və onun nəticələri, həmçinin Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra yaranan vəziyyət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında nüfuzlu və tanınmış jurnalistlərin obyektiv, dəqiq və qərəzsiz yanaşmasının vacib şərt olduğu vurğulanıb.
Ayla Cin Yaklin ölkəmizə səfərin məqsədi barədə məlumat verib. Bildirib ki, son 2 gün ərzində işğaldan azad olunmuş ərazilərə səyahət edib. Ağdam, Füzuli və Şuşa şəhərində olub. Quzanlıda məcburi köçkün ailələrlə görüşüb, onların həyat hekayələrini dinləyib.
Daha sonra qonağı maraqlandıran suallar cavablandırılıb. Görüşdən sonra qonaq Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksindəki iş mərkəzi və orada çalışan məcburi köçkünlərlə görüşüb.