Yuxarı

"Qaçqınkom" yataqxanada baş verən yanğınla bağlı məlumat yaydı

Dövlət Komitəsi məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının iki rayonunda məcburi köçkünlərin məskunlaşdığı tikilidə və yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, fevralın 18-də Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib:

"Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür.

Bakı şəhərində Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı Ağdam rayonunun Abdal kəndindən məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib. Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, yaşayış sahəsinə baxış keçiriblər. Burada qısa müddətdə təmir-bərpa işlərinin aparılması qərara alınıb.

Hər iki yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi