Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində sürüşmə baş verən əraziyə gəlib.
"Report"un xəbərinə görə, o, bir daha qeyd edib ki, yolda sürüşməyə səbəb tikinti aparılan ərazidə istinad divarının olmamasıdır.
O xatırladıb ki, uzunluğu 60, eni isə 3 metr olan sürüşən hissənin fəsadları aradan qaldırılır: "Sürüşmə baş verən ərazinin yaxınlığında tikinti işləri aparılır. Orada tikinti normalarına tam əməl olunmadığından, yəni yolla bina arasında istinad divarı inşa edilmədiyindən bu cür hadisə baş verib. Yolun dayanıqlığı olmadığından yağış yağan zaman sürüşmə baş verib. Burada hər şey göz qabağındadır".
O qeyd edib ki, hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir, bu məbləğ tikintini aparan şirkət tərəfindən ödəniləcək.
*** saat 16:14
Bakı. 17 oktyabr. REPORT.AZ/ "Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır".
"Report"un xəbərinə görə, bunu binanı inşa edən "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.
"Yəni yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur", - şirkət rəsmisi əlavə edib.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yollarının Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinin həyata keçirildiyini bildirib.