Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb.
O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib.
Daha sonra məhkəmədə ekspertiza rəyləri elan olunub.
Prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan “DOST” İş Mərkəzi MMC-nin nümayəndəsi çıxış edib. O, şirkətin V.Hacıyeva qarşı 274 min 894 manatlıq mülki iddia qaldırdığını söyləyib.
Mülki iddia məhkəmə tərəfindən qəbul edilib.
İclasda Kürdəmir Regional Mədəniyyət Mərkəzinin rəhbəri Nadir Çıraqov ifadə verib. O, Mərkəzə dəymiş 31 min manatlıq maddi ziyanın ödənilməsini tələb edib.
Məhkəmənin növbəti iclası iyunun 6-na təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.