Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada bildirilib.
"Qeyd olunanlarla bağlı tərəfimizdən bildirilir ki, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir", - məlumatda bildirilib.
Daxili İşlər Nazirliyi (DİN) Vəfa Nağının paylaşdığı statusda ictimailəşdirdiyi məsələ ilə bağlı açlıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a daxil olan məlumatda deyilir:
"Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşaraq bildirib ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür".
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağı özü də yaxşı bilir ki, polisin fəaliyyətsizliyi ilə bağlı iddiaları yalandır və qərəzdən irəli gəlir:
“O ki, qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) və 156.1-ci (Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.