"Dəmirbank"ın sabiq filial rəhbəri apellyasiya şikayəti verib

"Dəmirbank"ın sabiq filial rəhbəri apellyasiya şikayəti verib Vəkil müvəkkilinin barəsində bərəat hökmünün çıxarılmasını istəyir
Hadisə
21 İyul , 2018 18:19
Dəmirbankın sabiq filial rəhbəri apellyasiya şikayəti verib

Bakı. 21 iyul. REPORT.AZ/ Bakıda mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə "Report"a F.Rəşadətlinin vəkili Rəşad Mirmehdizadə bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.

Vəkil müvəkkilinin barəsində bərəat hökmünün çıxarılmasını istəyir.

İttihama əsasən, F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

F.Rəşadətli ilə birgə bankın xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayev də təqsirli bilinir.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

Bundan başqa, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Pərvanə Əliyevanın 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını dələduzluq yolu ilə mənimsəyib.

F.Rəşadətli məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmişlərin vəsatəti əsasında F.Rəşadətli məhkəmə zalında həbs edilib. Digər şəxslər isə ev dutaqlığında olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən, barələrində polis nəzati qətimkan tədbiri seçilmiş T.Xanlarovanın 1000 manat cərimə olunması, F.Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı hökm çıxarılıb.

Son xəbərlər

Orphus sistemi