Cəlilabadda yanğın təhlükəsizliyi sahəsində olan nöqsanlar açıqlanıb 

Cəlilabadda yanğın təhlükəsizliyi sahəsində olan nöqsanlar açıqlanıb  Cəlilabad rayonunda yanğın təhlükəsizliyi sahəsində olan nöqsanlar açıqlanıb.
Hadisə
30 May , 2024 18:25
Cəlilabadda yanğın təhlükəsizliyi sahəsində olan nöqsanlar açıqlanıb 

Cəlilabad rayonunda yanğın təhlükəsizliyi sahəsində olan nöqsanlar açıqlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bu barədə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə məlumat verilib.

Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əkbər Novruzov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin rəisi Samir Kərimov, digər aidiyyəti qurumların nümayəndələri və eləcədə kənd (şəhər) inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələr kombinatının direktorları, mexanizatorlar və fermerlər iştirak edib.

Müşavirəni giriş sözü ilə açan icra başçının birinci müavini Q.Xudaverdiyev rayon ərazisində yerləşən şəhər və kənd yaşayış məntəqələrində yanğına qarşı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlərin aparıldığını və yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcudluğunu vurğulayıb. O, çıxışında xüsusilə tikililərarası yanğına qarşı ara məsafələrinə riayət olunmaması, elektrik kabel və naqillərinin çəkilişi qaydalarının pozulması, tövlələrin çardaq hissəsində otun açıq və ya kipləşdirilmiş şəkildə yığılması, həyətyanı sahələrdə məişət və sair tullantı materiallarının nəzarətsiz yandırılması, taxıl sahələrində biçindən əvvəl və ya sonra bilərək və yaxud ehtiyatsızlıqdan yanğın hadisələrinin baş verdiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Ə. Novruzov dənli və texniki bitkilərin yığılması, daşınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması, yanğın hadisələrinin baş verməməsi üçün nəzarət tədbirləri həyata keçirilməli olduğunu, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin keçirilməsini, eyni zamanda biçində iştirak edən texnikaların istismar vəziyyətinin kafi olmaması, ərazidə yerləşən təbii su mənbələrinə yanğın avtomobillərinin sərbəst yaxınlaşıb su götürməsi üçün şəraitin yaradılmaması kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması halları yanğınların qısa müddət ərzində geniş sahəyə yayılmasına səbəb olduğunu vurğulayıb.

Lənkəran-Astara Regional Təhsil sektorunun müdiri İlkin Zeynalov çıxışı zamanı məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı davamlı olaraq maarifləndirici görüşlərin keçirildiyini, görüşlər zamanı məktəblərin yanğın hadisələrinin qarşısının alınmasında istifadə olunan avadanlıqların yoxlanılması və su anbarlarının suyla doldurulmasına xüsusilə diqqət ayrıldığını bildirib. İlkin Zeynalov hal-hazırda rayon ərazisində olan məktəblərin hər birində yanğınsöndürmə balonlarının mövcud olduğunu və 91 məktəbdə su anbarlarının doldurulduğunu bildirib.

Mövzu ilə bağlı interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi