BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
13 Dekabr , 2021 14:17
BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-ya əlavə-qiyabi təhsil almaq üçün müraciət edən Dinara Əliyeva ifadə verib.

O bildirib ki, D.Əliyeva 3 illik əlavə təhsil üçün ondan 6 min manat, sənədləşmə işləri üçün isə 100 manat alıb: "Dürdanə Əliyeva mənə dedi ki, əvvəl Rusiyada təhsil alacam, sonra bura köçürüləcəm. Məni aldadacağını düşünməyərək əlimdə olan bütün pulumu ona verdim".

Daha sonra şahid qismində ixtisasartırma üçün universitetə müraciət edən Rəhimə Səfərovanın anası Nailə İsmayılova dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs ondan 2 200 manat pul istəyib, qızı isə 1 000 manat verib: "Pulu şəxsən ona verməyimizi istədi. Qızım 1 il oxudu, amma diplom vermədilər".

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində təhsil almış Turanə Səbzəliyeva isə ixtisasartırma üçün BSU-ya müraciət etdiyini və "Azərbaycan dili-Ədəbiyyat müəllimi ixtisası üzrə təhsil almaq istədiyini deyib: "Dürdanə Əliyeva məndən təhsil ödənişi üçün 1 200 manat pul istədi. Dedi ki, bankomat işləmir, buna görə pulu ona verim. Mən də inandım".

Dövlət ittihamçısı şahidin istintaqa verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlərin olduğunu bildirib. İclasda şahidin əvvəlki ifadəsi elan olunub.

T.Səbzəliyeva müstəntiqə verdiyi ifadəsində deyib ki, D.Əliyeva ona 1 300 manat verməli olduğunu söyləyib. Həmin pulu da o, iki dəfəyə verib.

Şahidin ifadəsi zamanı son olaraq bəlli olub ki, 1 200 manatı iki dəfəyə verib, bunun da 700 manatı hesaba keçib, 500 manatı isə keçməyib.

Şahid Lalə Abbaszadə isə ixtisasartırma üçün təqsirləndirilən şəxsə 1 200 manat verdiyini deyib.

Şahid qeyd edib ki, D.Əliyeva ona universitetdə ödəniş terminalı işləmədiyini, buna görə də pulu ona verdiyini bildirib.

Növbəti proses dekabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi