Yuxarı
    Bağlamaq

    ​Brilliant Dadaşovanın bacısını aldadan tikinti şirkətinin rəhbərinin məhkəməsi keçirilib

    Müğənni 100 kvadratmetr mənzil üçün İman Hüseynova 30 min manat verib

    Bakı. 16 sentyabr. REPORT.AZ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "RUM" Mənzil Tikinti Kooperativinin direktoru vəzifəsində işləyən 1952-ci il təvəllüdlü İmran Bünyad oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    "Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar olaraq məhkəmənin təxirə salınmasını xahiş edib. Hakim onun arzusunu yerinə yetirib.

    Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.

    Xatırladaq ki, bu ilin fevralında Baş Prokurorluq İ.Hüseynovun qanunsuz əməlləri və tutulması barədə məlumat yayıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri zamanı İ.Hüseynovun "RUM" MTK-nın direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə kooperativ tərəfindən Xətai rayonu, M.Hadi küçəsi 41 saylı ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İ.Hüseynov 2005-ci ilin martında xalq artisti Brilliant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşovanı da aldadıb. Müğənni 100 kvadratmetr mənzil üçün İ.Hüseynova 30 min manat verib, lakin mülk sahibi ola bilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi