BQXK nümayəndəsi Azərbaycandan sığınacaq istəyən Türkiyə vətəndaşı ilə görüşüb

BQXK nümayəndəsi Azərbaycandan sığınacaq istəyən Türkiyə vətəndaşı ilə görüşüb "O, Türkiyə Respublikasına ekstradisiya olunmaq istəmir"
Hadisə
24 May , 2016 15:17
BQXK nümayəndəsi Azərbaycandan sığınacaq istəyən Türkiyə vətəndaşı ilə görüşüb

Bakı. 24 may. REPORT.AZ/ 12 il əvvəl Türkiyədə cinayət törətməkdə təqsirləndirilərək Azərbaycanda həbs edilən Mehmet Halil oğlu Sünmez ekstradisiyası ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bu barədə "Report"a onun vəkili Vasif İsrafilov bildirib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Bundan başqa, V.İsrafilov bildirib ki, M.Sünmez Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi ilə görüşüb: "Hüquqlarını müdafiə etdiyim Mehmet Sünmez Azərbaycandan sığınacaq istəyir. O, ölkəsinə - Türkiyə Respublikasına ekstradisiya olunmaq istəmir".

Qeyd edək ki, hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qisimində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. Y.Akbaba (Mehmet Sünmez) barəsində Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən həbs edilməsi haqqında qərarın olması və Türkiyə Respublikasına ekstradisiya olunacağını nəzərə alaraq, Mehmet Sünmezin vəkili Vasif İsrafilov onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, ittihamları rədd edib, Y.Akbaba olmadığını bildirib.

Mayın ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Sünmezin ekstradisiyası ilə bağlı iş üzrə məhkəmə iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə M.Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi