Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm

Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul
Hadisə
12 Sentyabr , 2024 17:54
Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham aktı elan edilib.

T.İbrahimov və T.Rzayev özlərini təqsirli bilməyiblər.

Onların müdafiəçiləri müraciət edib ki, müvəkilləri özlərini təqsirli bilmədiyi üçün ilk olaraq zərərçəkənlər dindirilsin.

Məhkəmə sözügedən müraciəti qəbul edərək zərərçəkənləri və onların hüquqi varislərinin dindirilməsi barədə qərar qəbul edib.

Hadisə zamanı həlak olan Adil Rüstəmovun hüquqi varisi-atası Aydın Rüstəmov məhkəmədə mülki iddia qaldırıb. O, iddiasında təqsirləndirilən şəxslərdən onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.

"Oğlum zavodda Səyyar Ələsgərov adlı şəxsin obyektində qeyri-rəsmi işləyib. Amma faktiki olaraq zavodda yanğın təhlükəsizliyi ilə bağlı cavabdeh təqsirləndirilən şəxslər olub. Mən onlardan bir milyon manat təzminat istəyirəm", - o deyib.

A.Rüstəmov ifadəsində onu da qeyd edib ki, məsələ ilə bağlı tərəflərlə ünsiyyətdə olub, lakin onların təklif etdiyi onu qane etməyib.

Məhkəmənin növbəti iclası oktyabrın üçünə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.


İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.


Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Son xəbərlər

Orphus sistemi