Yuxarı

​Azərbaycan Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində tətbiq edilən yeni ödəniş üsulları müzakirə olunub

Bakı. 6 aprel. REPORT.AZ/ Aşqabad şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkilatçılığı ilə elektron pullar və virtual valyutalar vasitəsilə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə bağlı cinayətlərin aşkar olunması və araşdırılması mövzusunda regional seminar keçirilib. Baş Prokurorluqdan "Report"a verilən xəbərə görə, tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev təmsil ediblər.

Tədbirdə mövzu ilə bağlı çıxışlar olub, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində tətbiq edilən yeni ödəniş üsulları, o cümlədən elektron pullar və virtual valyutalar, onların yaratdığı təhdidlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular üzrə təqdimatlar keçirərək ölkədə bu sahədə görülən işlər, o cümlədən qəbul edilən normativ hüquqi baza və tətbiq olunan təcrübə barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hüquq mühafizə və digər aidiyyəti qurumlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi seminar BMTNCİ-nin Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərində transmilli mütəşəkkil cinayətkarlığın mənşəyi, tranziti və hərəkət istiqamətinin qarşısının alınması məqsədilə prokuror və mərkəzi orqanlar şəbəkəsinin müəyyən edilməsi və gücləndirilməsi təşəbbüsü çərçivəsində təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi