Yuxarı

Balakən xəstəxanasında əməliyyat olunacaq xəstələr Zaqatalaya göndərilib - FOTO

Buna səbəb xəstəxanaya elektrik enerjisinin verilişinin dayandırılması və əməliyyat blokunu su basmasıdır

Balakən. 23 iyul. REPORT.AZ/ "Balakən xəstəxanasında əməliyyat olunacaq xəstələr Zaqatala rayonuna göndərilir".

Bunu "Report"un Şimal-Qərb bürosunun müxbirinə Balakən Rayon Mərkəzi Xəstəxanası (RMX)  baş həkiminin müavini Təranə Rəhimova deyib.

Onun sözlərinə görə, iyulun 22-də axşam saatlarında güclü tufan xəstəxananın dam örtüyünün 60-70 faizini uçurub, binanın şüşələri sınıb, əməliyyat bloku və bir çox palatalar su altında qalıb: "Xəstəxananın elektrik təchizatını hələ də bərpa etmək mümkün olmayıb. Ona görə də ağır xəstələr digər şöbələrə, ziyan dəyməyən palatalara köçürülüb, vəziyyəti yüngül olanlar ambulator müalicə üçün evə buraxılıb. Doğum şöbəsində əməliyyatlar üçün iki əməliyyat otaqları ayrılıb. Xəstəxanada növbədənkənar digər növbətçi həkimlər təyin olunub".

T.Rəhimova bildirib ki, xəstəxanaya elektrik enerjisinin verilişi dayandırıldığından və əməliyyat blokunu su basdığından cərrahiyyəyə ehtiyac duyulan xəstələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilir. Bu səbəbdən də təcili tibbi yardım maşınlarının sayı da artırılıb.

Baş həkimin müavini vurğulayıb ki, dağıntıların nəticələrinin aradan qaldırılması üçün xüsusi komissiya yaradılıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Balakən rayonunda əsən güclü külək rayon ərazisinə xeyli ziyan vurub, inzibati, yaşayış və fərdi yaşayış evlərinin dam örtükləri uçub, evlərə su dolub. Rayonun elektrik, rabitə və qaz təchizatında fasilələr yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi