Bakıda telefon oğruları saxlanılıblar
- 06 noyabr, 2017
- 08:11
Bakı. 6 noyabr. REPORT.AZ/ Metrpolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ruslan Seyidov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Telefon oğurlamaqda şübhəli bilindiyinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan Elman Ələkbərovun ətrafında Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust ayının 28-dən sentyabr ayının 14-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 10 mobil telefon oğurlaması da müəyyən edilib.
Noyabrın 1-də paytaxt sakini C.Vəliyevin “Hyundai” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunan Teymur Temirov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Onun sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 9 avtomobildən mobil telefon və planşet oğurlaması da müəyyən edilib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 22-də rayon sakini olan bir qadının mənzilindən 600 manat, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əziz Rzazadə tutulub.
Oktyabrın 30-da Şəki şəhərində yaşayan Gəncə şəhər sakini E.Musayevin evindən mobil telefon oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Şahmar Mahmudov Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki evlərdən birindən daha bir mobil telefon oğurlaması da müəyyən edilib.