​Bakıda özünü MTN əməkdaşı kimi təqdim edən dəstə üzvünün şikayətinə baxılıb

​Bakıda özünü MTN əməkdaşı kimi təqdim edən dəstə üzvünün şikayətinə baxılıb Onun apellyasiya şikayəti təmin edilməyib
Hadisə
14 Mart , 2016 17:18
​Bakıda özünü MTN əməkdaşı kimi təqdim edən dəstə üzvünün şikayətinə baxılıb

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək saxlanılan Abdullayev Loğman Çingiz oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bu barədə "Report"a onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, L.Abdullayevin apellyasiya şikayəti təmin edilməyib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, L.Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan L.Abdullayevin müdafiəçiləri apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2015-ci il iyul ayının 13-də Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanda mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Bakı şəhər sakini olan vətəndaş DİN-ə müraciət edərək özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Faktla bağlı nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin bu il (2015-ci il) mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısıını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb.

Daha sonra cinayətkar qrupun üzvləri həmin vətəndaşı metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən cinayətkar dəstənin üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.

Vətəndaşın müraciəti əsasında qaldırılan cinayət işi rəhbərliyin nəzarətinə götürülüb və keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə dəstə üzvlərindən 5 nəfəri saxlanılıb.

Son xəbərlər

Orphus sistemi