Bakı. 24 dekabr. REPORT.AZ/ Bakıda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fariz Muradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report"un məlumatına görə, F.Muradov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fuad Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 2019-cu ilin yanvarın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il sentyabrın 26-da saat 9 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində baş verib.
Belə ki, Şirvan şəhər sakini F.Muradov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Şaban İsayevə məxsus “Ford” markalı avtomobilə vurub. Nəticədə F.Muradov və sərnişinləri - Ağcabədi rayon sakini Sahib Əliyev və Şirvan şəhər sakini Elxan Novruzov xəstəxanaya yerləşdirilib. Daha sonra S.Əliyev orada ölüb.