Bakıda keçmiş həyat yoldaşını ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə ittiham aktı elan olunub

Hadisə
  • 18 noyabr, 2026
  • 16:32
Bakıda keçmiş həyat yoldaşını ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə ittiham aktı elan olunub

Bakıda keçmiş həyat yoldaşı Amalya Qəhrəmanovanı küçədə azyaşlı övladının gözü qarşısında güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Zaur Qəhrəmanov 2026-cı il iyulun 9-da Bakı şəhəri, Nəsimi rayonunun Mircəlal küçəsinə gələrək orada həyat yoldaşı Amalya Qəhrəmanova ilə mübahisə edib.

Daha sonra azyaşlı övladının gözü qarşısında avtomobildə gizlətdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşını qətlə yetirib.

O, ittihama münasibət bildirərkən özünü qismən təqsirli bilib.

Növbəti iclas dekabrın 16-na təyin olunub.

Qeyd edək ki, Zaur Qəhrəmanov Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə - Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) 133.2.4-cü (İki və ya daha çox şəxsə qarşı əzab vermə (mütəmadi olaraq döymə və ya başqa zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya mənəvi əzablar vermə) 133.2.6-cı (Xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə işgəncələr verməklə əzab vermə) 221.3-cü (Xuliqanlıq, yəni cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin silahdan və ya silah kimi istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi) 228.1-ci (Qanunsuz olaraq odlu silah (hamarxətli milli ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və ya qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 229.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və ya qurğuları hazırlama və ya təmir etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

44 filmi