Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində moteldə sevgilisi olan qohumunu öldürməkdə təqsirləndirilən Asif Ağamalıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 20-də baş verib. Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürova ərini və iki uşağını ataraq əmisi oğlu A.Ağamalıyevə qoşularaq Bakıya qaçıb. Sevgili olan qohumlar Binəqədi şossesində yerləşən “Vulkan” motelində qalıblar. Daha sonra A.Ağamalıyev A.Şükürovanın motelin hamam otağından asılmış meyitini tapıb. Əvvəlcə qadının intihar etməsi barədə şübhələr yaransa da, onun əmisi oğlu tərəfindən öldürüldüyü sübuta yetirilib.
A.Ağamalıyev Cinayət Məcəlləsinin 29, 149.1-ci (zorlamaya cəhd, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya cəhd) və 120.2.6-cı (qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.