Yuxarı

Bakıda əmisi qızını öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Onun vəkili kassasiya şikayəti verib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində moteldə sevgilisi olan qohumunu öldürməkdə təqsirləndirilən Asif Ağamalıyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 20-də baş verib. Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürova ərini və iki uşağını ataraq əmisi oğlu A.Ağamalıyevə qoşularaq Bakıya qaçıb. Sevgili olan qohumlar Binəqədi şossesində yerləşən “Vulkan” motelində qalıblar. Daha sonra A.Ağamalıyev A.Şükürovanın motelin hamam otağından asılmış meyitini tapıb. Əvvəlcə qadının intihar etməsi barədə şübhələr yaransa da, onun əmisi oğlu tərəfindən öldürüldüyü sübuta yetirilib.

A.Ağamalıyev Cinayət Məcəlləsinin 29, 149.1-ci (zorlamaya cəhd, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya cəhd) və 120.2.6-cı (qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi