Bakıda dünya çempionunun qətli ilə bağlı “Emin 444”ün xalası oğlu tutulub

Bakıda dünya çempionunun qətli ilə bağlı “Emin 444”ün xalası oğlu tutulub Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hadisə
15 Mart , 2022 09:22
Bakıda dünya çempionunun qətli ilə bağlı “Emin 444”ün xalası oğlu tutulub

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

09.13

Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu naməlum şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.

Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.

 “Emin 444” kimi tanınan Emin Səfərov
“Emin 444” kimi tanınan Emin Səfərov

Son xəbərlər

Orphus sistemi