Paytaxtın "Yeni Yasamal" yaşayış massivində qeyri-yaşayış obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmə rəisi baş leytenant Tural Zahidov deyib.
"FHN 112 qaynar xəttinə sözügedən ünvanda yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal Yanğından Mühafizə bölmələri əraziyə cəlb olunub. Baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bina və mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - o qeyd edib.
Paytaxtın "Yeni Yasamal" yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
“Report” xəbər verir ki, hadisə "Yeni Yasamal" yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.
Yanğın 16 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Foto: Samirə Həsənova