Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının məhkəməsində zərərçəkmiş polislər ifadə verib

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının məhkəməsində zərərçəkmiş polislər ifadə verib Dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib
Hadisə
19 May , 2017 17:29
Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadının məhkəməsində zərərçəkmiş polislər ifadə verib

Bakı. 19 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktının nəticə hissəsini elan edib.
İttihama münasibət bildirən T.Abdullayeva özünü təqsirli bilmədiyini söyləyib. 

Daha sonra iclasda əvvəlcə zərərçəkmişlərin dindirilməsi ilə bağlı qərar qəbul olunub.

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova vəsatətlə çıxış edərək, bu işin iki hissəyə ayrılmasını istəyib. O vəsatətində qeyd edib ki, əvvəlcə saxta sənəd düzəltmək və dələduzluq ittihamı üzrə araşdırılma aparılsın, daha sonra polisə müqavimət ittihamına baxılsın.

Vəsatət təmin edilməyib. 

Prosesdə zərərçəkmiş qismində 17-ci Polis Bölməsinin əməkdaşı Oqtay Məmmədov ifadə verib. O, ötən ilin iyunun ayının 17-də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan T.Abdullayevanı saxlamaq əmri verildiyini bildirib: "Bölmədə onun barəsində məcburi gətirilmə haqda qərar vardı. Biz də Təyminə Abdullayevanın yaşadığı mənzilə getdik. O, bizə etiraz etdi. Bacısı və bacısı qızı da üstümüzə hucüm çəkdi. Təyminə Abdullayerva dırnaqları ilə qollarıma xəsarət yetirdi və o, bizə müqavimət göstərdi".
Digər zərərçəkmiş, polis əməkdaşı - Orxan Babayev də O.Məmmədovla oxşar ifadə verib. 

Məhkəmənin növbəti prosesi mayın 24-nə təyin edilib. 

Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.
T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Son xəbərlər

Orphus sistemi