"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin düşdüyü qəza zamanı ölən şəxsin adı açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, qəza nəticəsində ölən şəxsin 37 yaşlı Ruslan Məmmədov olduğu müəyyənləşib.
Məlumata görə, qəza nəticəsində onun artıq həkiməqədər ölümü qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) “Report”a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda ağır yol qəzasında xəsarət alan və amputasiya diaqnozu qoyulan tanınmış bloger Nicat Şakirliyə zəruri tibbi xidmətlər göstərilir.
Bu barədə "Report"a TƏBİB-dən bildirilib.
Belə ki, saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Qəza nəticəsində 1 həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.