Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıdakı 3 saylı İstintaq Təcridxanasına (İT) telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Vüqar Şahismayıl oğlu Əmrahovun yanına qısamüddətli görüşə gəlmiş anası Şəfiyə Süleyman qızı Əmrahovanın üzərinə və əşyalarına baxış keçirilən zaman, əynində olan pencəyin cibindən içərisində “Sim” və “Nar” danışıq kartları olan 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Məhkum V.Əmrahov Azərbaycan Cinayət Məcəlləsinin 178.2.3 maddəsinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilib, axırıncı dəfə hazırda Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.