Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin post-patrul xidməti (PPX) və dövlət yol polisi (DYP) əməkdaşları üçün yeni və müasir avadanlıqlarla təchiz edilmiş avtomobillər Bakıya gətirilib.
"Report"un əməkdaşının verdiyi xəbərə görə, "Azadlıq" meydanında düzülən avtomobillərə sabah baxış keçiriləcək və sonra istifadəyə veriləcək.
Məlumata görə, PPX əməkdaşları üçün yeni "Fiat Doblo", DYP əməkdaşları üçün isə BMW (5-ci seriya) markalı avtomobillər gətirilib. Eyni zamanda, saxlanılan şəxslərin daşınması üçün də avtomobillər gətirilib. "Mercedes Sprinter" markalı maşınlarda meyit daşımaq da mümkündür.
DYP əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsilə izləyə bilər.