Velosipedçini vurub qaçan sürücünün məhkəməsi başlayır

Velosipedçini vurub qaçan sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan Xanağa Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4 Mart , 2020 12:39
Velosipedçini vurub qaçan sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan Xanağa Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Hakim Rüstəm Kərimlinin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 20-si saat 13 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində baş verib.

Sabunçu qəsəbə sakini, 1973-cü il təvəllüdlü Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub.

Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerini dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək hadisə yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmaqda şübhəli bilinən 131 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü X.Novruzov saxlanılaraq istintaqa təqdim edilib.

Avtobusun velosipedçini vurması anı müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi