Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxs Ali Məhkəməyə müraciət edib

Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxs Ali Məhkəməyə müraciət edib İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq
Hadisə
15 May , 2017 17:47
Avropa Oyunlarının açılışında terror barədə yalan məlumat verən şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 15 may. REPORT.AZ/ Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Aydın Xudiyev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 17-nə təyin edilib.

İşə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, 1960-cı il təvəllüdlü A.Xudiyev 2015-ci il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 - qaynar xətt" xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bu il aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Xudiyev apellyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi