“Avropa” kafesindəki qətllə bağlı məhkəmə başlayır

Hadisə
  • 16 iyul, 2020
  • 05:52
“Avropa” kafesindəki qətllə bağlı məhkəmə başlayır

Abşeronda qətl törətməkdə təqsirləndirilən Orxan Gərayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Pirəkəşkül qəsəbəsində baş verib.

Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, yerləşən “Avropa” kafesində şəxsi münasibətlər zəminində mübahisə düşüb.

1984-cü il təvəllüdlü Gərayev Orxan Əmirxan oğlu üzərində olan “Makarov” tipli tapança ilə 1991-ci il təvəllüdlü paytaxt sakini Xəlilov Kamran Əli oğluna xəsarət yetirib.

Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

O.Gərayevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.