Almaniyada qaçqın kampında qıza görə dava - azərbaycanlı başından yaralandı

Almaniyada qaçqın kampında qıza görə dava - azərbaycanlı başından yaralandı Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.
Hadisə
568
14 Fevral , 2020 11:46
Almaniyada qaçqın kampında qıza görə dava - azərbaycanlı başından yaralandı

Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb. 

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb. 

Belə ki, kampın yeməkxanasında Azərbaycan vətəndaşı ilə seneqallı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə seneqallının bir neçə gün öncə azərbaycanlı xanıma sataşması olub. Yemək növbəsində duran zaman T.M.  (kimlik məlumatları açıqlanmır) adlı Azərbaycan vətəndaşı 35 yaşlı seneqallıdan etdiyi hərəkətə görə xanımdan üzr istəməsini tələb edib. Bir qədər sonra iki şəxs arasında yaranan mübahisə davaya çevrilib. 

Əlbəyaxa dava zamanı kənardan bir nəfər əlindəki şüşə butulkanı azərbaycanlıya atıb. T.M. başından aldığı xəsarət nəticəsində yerə yıxılıb. Davaya kampın təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə etsələr də, butulka ataraq azərbaycanlının yaralanmasına səbəb olan şəxs hadisə yerindən qaçıb.

Azərbaycan vətəndaşı təcili yardım avtomobili ilə yaxınlıqdakı hospitala çatdırılıb və onun baş nahiyəsinə 4 tikiş vurulub. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər. 

Deggendorf şəhər polis təşkilatı əməkdaşlarının əməliyyatı nəticəsində azərbaycanlıya xəsarət yetirən 28 yaşlı Nigeriya vətəndaşı ərazidəki marketə daxil olan zaman saxlanılıb. 

Hazırda faktla bağlı Deggendorf şəhər polis təşkilatında araşdırma aparılır. 

Qeyd edək ki, hadisənin baş verdiyi kamp deportasiya ediləcək əcnəbilərin müvəqqəti qalması üçün nəzərdə tutulub. Bu kampda tez-tez kütləvi davaların baş verdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi