Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAl-a məxsus sərnişin təyyarəsinin qəzasından sağ çıxan Yekaterinburq (Rusiya) sakini Subxonkul Rəhimov kritik anda öz xidməti vəzifəsini mükəmməl yerinə yetirən, əzm və cəsarət nümayiş etdirən stüardessa haqqında danışıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
"Pilotlara daha yaxın olan stüardessa dəhşətli vəziyyət olmasına baxmayaraq, çox möhkəm dayanırdı. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiya və vəzifələrini icra etdi. Onun verdiyi komandaya mən qulaq asıb oturacağa bərk söykəndim", - o qeyd edib.
S.Rəhimov stüardessanın öz işini qüsursuz yerinə yetirdiyini vurğulayıb:
"Qadın 'sakitləşin' deyəndə - yadımdadır, bir kişi orada nəsə etiraz edirdi - əlbəttə, sakitliyi qorumaq lazımdır. O, əsasən Azərbaycan dilində danışaraq insanları sakitləşdirirdi".