Abşeronda quldurluq cinayətləri edən şəxslər saxlanıldı

Abşeronda quldurluq cinayətləri edən şəxslər saxlanıldı Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi olub
Hadisə
22 Fevral , 2021 11:48
Abşeronda quldurluq cinayətləri edən şəxslər saxlanıldı

Abşeron rayonu Xırdalan şəhərində quldurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək üçün bir nəfər şəxsə qarşı quldurluq ediblər. Hadisə zamanı dəstə üzvləri zərərçəkəni Xırdalan şəhəri ərazisinə gətirərək orada ona vintaçanla xəsarət yetirib 105 manatını və mobil telefonunu ələ keçiriblər.

Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Polislər tərəfindən “isti” izlərlə keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev saxlanılıblar.

Qeyd edək ki, zərərçəkən şəxs dəstə üzvü olan N.Əliyevanın tanışı olub.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə otuzduraraq Xırdalan şəhərinə gətiriblər və orada qeyd edilən cinayəti həyata keçiriblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat nəticəsində Xırdalan şəhərində bir qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb.

Belə ki, zərərçəkən şəxs polisə məlumat verərək bildirib ki, qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxs əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manatını ələ keçirib. Abşeron RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Elnur Əslanov və qohumu Əslan Əslanov saxlanılıb. İstintaq zamanı onların cinayətləri sübuta yetirilib.

Hər iki quldurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

"Saxlanılanların Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur",- Mətbuat xidmətindən bildiirlib.

Son xəbərlər

Orphus sistemi