Yuxarı
    Bağlamaq

    ​170 min dollar mənimsədiyi iddia edilən sabiq Aparat rəhbəri Tender Komissiyasının sədri olub

    Səfər İmanov AQUPDK-nun rəsmiləri tərəfindən də dələduzluqda günahlandırılıb

    Bakı. 4 mart. REPORT.AZ/ "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov uzun müddət komitədə Tender Komissiyasının sədri olub".

    Bunu "Report"a açıqlamasında AQUPDK-nun sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən 170 min dollarının mənimsənildiyini iddia edən Eynur Kərimovun vəkili Kamandar Nəsibov deyib.

    Vəkil xatırladıb ki, Səfər İmanov AQUPDK-nun rəsmiləri tərəfindən də dələduzluqda günahlandırılıb: "Maraqlıdır, bu gün Komitə rəsmiləri tərəfindən dələduz kimi qələmə verilən Səfər İmanov necə olub ki, uzun müddət Tender Komissiyasının sədri olub?!"

    Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.

    Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib: "Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə Komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə Komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi