Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Niyə məğlub olduq sualına düzgün cavab tapmalıyıq" - MÜSAHİBƏ

    Qarabağın baş məşqçisi Azərbaycan Premyer Liqasının XX tur matçından öncə jurnalistlərin suallarını cavablandırıb

    Bakı. 26 fevral. REPORT.AZ/ "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov fevralın 28-də evdə "İnter"lə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XX tur matçından öncə jurnalistlərin suallarını cavablandırıb.

    "Report" müsahibəni təqdim edir:

    - "Qəbələ"yə məğlubiyyətdən sonra daha bir çətin rəqib olan "İnter"lə oyuna hazırlıqlar necə gedir?

    - Komandada, futbolçularda gərginlik hallarının olması normaldır. Amma biz belə hallarla əvvəllər də üzləşmişik. Çalışmışıq ki, psixoloji durumu qısa müddətdə qaydasına salaq. Baxmayaraq ki, problemlərimiz var, xeyli sayda oyunçumuz matça hazır deyil.

    "İnter"ə qarşı oynamaq həm çətin, həm də maraqlı olub. Başda mən olmaqla, necə mübarizə aparmaq üzərində düşünmək, futbolçularla dialoq aparmaq lazım gəlir. "İnter" fərqli sistemdə oynayan rəqibdir. Ona görə də yaxşı oyun quraraq, maksimum nəticə üçün meydana çıxmağa çalışacağıq.

    - Əvvəlki iki oyundan məğlubiyyət və heç-heçə ilə ayrılmısınız. Bu dəfə nə etməlisiniz ki, çatışmazlıqları aradan qaldıraraq, qalib gələsiniz?

    - Futbol elə oyundur ki, qalib gəldikdə belə çatışmayan cəhətlər olur. Bəzən bunu aradan qaldıra bilirik, bəzən alınmır. Amma aydan-aya, ildən-ilə komanda öz oyun üslubunda dəyişiklik edir. Biz əvvəlki oyunlardakı çatışmazqlıqları düşünsək, "İnter" yeni oyun üslubu ortaya qoya bilər. Biz də məhz buna hazır olmalıyıq. Bir neçə variantımız var. Rəqibin qış fasiləsindən sonrakı oyunlarını analiz etmişik. Qalib gəlmək üçün oyun üslubumuzda çatışmayan cəhətləri yoluna qoymalıyıq. Sürəti artırmalı, düşünülməmiş kombinasiyaların sayını artırmalıyıq. Komanda müdafiədə olanda sürəti istər-istəməz artırmaq olmur. Amma hər halda bunun öhdəsindən gəlməli və qalib gəlmək üçün xeyli güc sərf etməliyik.

    - "Qəbələ"yə məğlubiyyət komandanızda psixoloji gərginlik yaratmayıb?

    - Futbolçularımız peşəkardırlar. Hər məğlubiyyətdən sonra gərginlik olacaqsa, futbolu oynamağına dəyməz. Biz futbolçularımızla birgə qarşımızdakı vəzifəni yerinə yetirməyi bacarmalıyıq. Bu gün məğlub olmuşuqsa, sabah uduzmamalı, qalib gəlməyi düşünməliyik. Sadəcə, "Niyə məğlub olduq?" sualına düzgün cavab tapmalı və çatışmazlıqları aradan qaldırmalıyıq. Hələ çempionatın ortalarıdır. Bəlkə qarşıda bizi daha çox məğlubiyyət gözləyir. Bunlara hazır olmalıyıq. Məğlubiyyət bizə nə qədər təsir etsə də, hazırkı düşüncələrimiz "İnter"lə növbəti oyuna yönəlib.

    - Sizcə, çempionluğun taleyini nə həll edəcək: "Qəbələ"nin daha istəkli, yoxsa "Qarabağ"ın daha təcrübəli olması?

    - Belə suallar daim verilir. Düşünmürəm ki, "Qəbələ"dən istəksizik. Eləcə də digər komadalar istəksizdirlər. Hamı qalib gəlmək istəyir. Bizim istəyimiz heç kimdən heç də az deyil. Bütün komandalar bunu etmək istəyir. Biz yenidən birinci pilləyə yüksəlməyə çalışacağıq. Alınmasa, o zaman bu barədə fikir bildirəcəyik.

    - Arif Daşdəmirovun durumu nə yerdədir?

    - Daşdəmirov komanda ilə birgədir, sağlamdır, elə bir problemi yoxdur. Sadəcə, son oyunlarda müdafiə xəttində bəzi səbəblərdən dəyişiklik etdik. Düşünürəm ki, bu, uğurlu alındı. Hərə öz üzərinə düşən vəzifəni düzgün, doğru yerinə yetirməyə başladı. Arif bizim əsas heyət oyunçularımızdan biridir. Sabah-birisigün və ya 3 oyundan sonra onu meydanda görə bilərsiniz. Buna tam hazırdır.

    - Bəs Rəşad Sadıqov?

    - Rəşad sağalıb. Bu gündən komanda ilə birgə olacaq. Neçə gündür həkimlərin nəzarəti altında çalışaraq, fiziki durumunu yaxşılaşdırır. Durumu yaxşılığa doğru gedir.

    - Dani Kintana ilə əlaqə saxlamısınız?

    - Onunla həkimlər daim əlaqə saxlayırlar. Müalicə prosesi qaydasında, düzgün gedir. Təəssüf ki, hələ 4-5 ay bizdən uzaq olacaq, komanda ilə məşq edə bilməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi