Yuxarı

Premyer Liqa: "Sabah" "Zirə"yə qalib gəlib, "Sumqayıt" "Qəbələ" ilə oyunda qələbəni əldən verib - VİDEO - YENİLƏNİB

Premyer Liqa: "Sabah" "Zirə"yə qalib gəlib, "Sumqayıt" "Qəbələ" ilə oyunda qələbəni əldən verib - VİDEO - YENİLƏNİB

Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, “Sumqayıt” “Dalğa Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Görüşdə hesab 7-ci dəqiqədə açılıb. “Sumqayıt”ın heyətində Şəhriyar Əliyev fərqlənib. Müdafiəçi 19-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə qonaqların futbolçusu Stiven Monroz fərqi azaldıb. İlk hissə bu hesabla yekunlaşıb. 56-cı dəqiqədə “Qəbələ”nin digər legioneri Lalavele Atakora tarazlığı bərpa edib. Qonaqların heyətində Bəhlul Mustafazadə 90+1-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Bu nəticədən sonra “Sumqayıt” 11 xalla 5-ci, “Qəbələ” isə 9 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər matçında “Sabah” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura sabah keçiriləcək “Səbail” – “Keşlə” və “Neftçi” – “Qarabağ” matçları ilə yekun vurulacaq.


***17:56

Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda debütant "Sabah" autsayder "Zirə"ni qəbul edib.

"Əlincə Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 45+1-ci dəqiqədə "Sabah"ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu "9-luğ"a göndərib.

73-cü dəqiqədə isə "Zirə"nin heyətində Tellur Mütəllimov fərqlənib. O, Pərdis Fərcad-Azadın ötürməsini qola çevirib.

Qonaqlar oyun ərzində üstün oynasalar da, debütant 90+2-ci dəqiqədə Cavid İmamverdiyevin qolu ilə qalib gəlib. Vitali Kvaşukun ötürməsindən sonra rəqib qapısına yol tapan 27 yaşlı yarımmüdafiəçi "Sabah"ın heyətində ilk qolu olub.

Qələbədən sonra xalını 16-ya çatdıran "Sabah" 3-cü sıraya yüksəlib. "Zirə" isə 4 xalla sonuncu yerdədir.

Qeyd edək ki, turun növbəti oyunu bu gün “Sumqayıt” və “Qəbələ” komandaları arasında olacaq. Qarşılaşma saat 18:00-da start götürəcək. Həftəyə oktyabrın 28-də keçiriləcək “Səbail” – “Keşlə” və “Neftçi” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi