Bakı. 27 oktyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında III turun ən yaxşı futbolçusu açıqlanıb.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik layiq görülüb. O, Belarus BATE-sinə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib.
İkinci yeri Avstriya "Zaltsburq"unun hücumçusu Munas Dabbur tutub. Dabbur Norveç "Rusenborq"unu 3:0 hesabı ilə yendikləri görüşdə dubl edib. Üçüncü yer İspaniya "Betis"inin cinah oyunçusu Covanni Lo Çelsoya qismət olub. Çelso İtaliya "Milan"ını 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi kimi yadda qalıb. Dördüncü yerdə isə Türkiyə "Fənərbağça"sının forvardı Mixael Fray yer alıb. Fray Belçika "Anderlext"i ilə 2:2 hesablı heç-heçə etdikləri matçda qol vurub və məhsuldar ötürmə verib.
Qeyd edək ki, hesabat turunda Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Ukraynanın "Vorskla" komandasına uduzub - 0:1.