Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkü atılıb.
“Report” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Avropa çempionatına son 4 vəsiqə üçün iddia edən 16 komandadan 4-nün hansı rəqiblə və harada oynayacağı bəlli olub.
UEFA Millətlər Liqasının nəticələrinə əsasən, A, B, C və D yolunda yer alan kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Qrup qalibləri AVRO-2020-də iştirak hüququ əldə edəcək.
B yolunda yarımfinallarda Bosniya və Herseqovinanın Şimali İrlandiya ilə, Slovakiyanın isə İrlandiya ilə qarşılaşacağı öncədən bilinirdi. Həmçinin Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovonun Şimali Makedoniya ilə, Gürcüstanın isə Belarusla görüşəcəyi məlum idi. Gürcüstan - Belarus cütünün qalibi finalda ev sahibi olacaq.
C yolunda Norveçin Serbiya ilə qarşılaşacağı bəlli idi. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşib. Bu, İsrail yığmasıdır. Finalda Norveç - Serbiya cütünün qalibi ev sahibi olacaq.
A yolunda İslaniyaya Rumıniya, Bolqarıstana isə Macarıstan rəqib olub. İslandiya - Rumıniya cütünün qalibi finalda ev sahibi olacaq.
Yarımfinallar gələn il martın 26-da, final matçları isə martın 31-də keçiriləcək.
A yolu
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C yolu
Şotlandiya - İsrail
Norveç - Serbiya
D yolu
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo
Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 24 komandanın iştirakı ilə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Artıq 20 komanda seçmə mərhələ vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanıb. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.
İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.