"Zirə"nin legioneri: "Rəşad Sadıqov bu kluba keçməyimi çox istəyirdi"

"Zirə"nin legioneri: "Rəşad Sadıqov bu kluba keçməyimi çox istəyirdi" "O, mənim burada xoş qarşılanmağım üçün hər şeyi etdi. Sadıqov futbolu çox sevir və bizə güvən verir. Onun çox yaxşı baş məşqçi olduğunu deyə bilərəm"
Futbol
28 Oktyabr , 2021 10:14
Zirənin legioneri: Rəşad Sadıqov bu kluba keçməyimi çox istəyirdi
Məhəmməd Hamdaui

"Ölkəniz və paytaxt Bakı ilə bağlı təəssüratlarım çox yaxşıdır. Azərbaycan Premyer Liqası isə yetərincə çətin çempionatdır".

Bunu "Report"a açıqlamasında mövsümün əvvəlində "Zirə" klubuna keçən Məhəmməd Hamdaui deyib.

Niderlandda müxtəlif klublarda çıxış etmiş 28 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqası ilə Erediviziiyanı müqayisə edib: "Burada futbolçuların fiziki hazırlığı daha çox ön plana çıxır. Niderlandda isə taktika və texnikaya üstünlük verilir. Az da olsa, uyğunlaşma ilə bağlı problem yaşadım. İlk iki ayda "Zirə"nin oyun tərzinə və Azərbaycandakı oyun üslubunun intensivliyinə alışmalı oldum".

Mərakeş əsilli oyunçu paytaxt təmsilçisinə keçidində baş məşqçi Rəşad Sadıqovun önəmli rol oynadığını vurğulayıb. O, məhz Sadıqovun istəyilə bu komandaya transfer olunduğunu söyləyib: "Karyeramı ölkə xaricində davam etdirmək istəyirdim. Baş məşqçi Rəşad Sadıqov həqiqətən bu kluba keçməyimi çox istəyirdi. O, mənim burada xoş qarşılanmağım üçün hər şeyi etdi. Sadıqov futbolu çox sevir və bizə güvən verir. Onun çox yaxşı baş məşqçi olduğunu deyə bilərəm. Hələ buraya gəlməzdən əvvəl "Zirə" haqqında mənə çox şey demişdi".

Hamdaui "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunu barədə danışıb: "Həmin qarşılaşmada 1:0 hesabı ilə önə keçdik. Lakin bundan sonra etməli olduğumuz işi yerinə yetirə bilmədik. Öz imkanlarımızdan zəif təsir bağışladıq. Artıq qarşıdakı oyunları düşünməliyik. Bizim əsas hədəfimiz mövsümü ilk "3-lük"də başa vurmaqdır".

Yarımmüdafiəçi son olaraq Azərbaycan Premyer Liqasında çıxış edən Mərakeş əsilli digər oyunçular - "Neftçi"dən Sabir Buqrin və "Qarabağ"dan Abdullah Zubir haqqında danışıb: "Onların hər ikisi yaxşı futbolçudur. Mənimlə münasibətləri də yaxşıdır. Bakıya gələndə görüşdük, mənə dedilər ki, kömək lazım olacağı təqdirdə, onlara müraciət edə bilərəm".

Qeyd edək ki, Məhəmməd Hamdaui iyulda "Zirə" ilə 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi