Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb"
- 30 oktyabr, 2026
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dənli bitkilərin məhsuldarlığının daha az resursla, yəni daha az torpaq və sudan istifadə edilərək artırılması hədəflənir: "Ərzaqlıq buğda" proqramında və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda bunun genişləndirilməsi nəzərdə tutulur. Həmin "Ərzaqlıq buğda" proqramı çərçivəsində 2025-ci ildə 126 min ton ərzaqlıq buğda məhsulu istehsal olunmuşdusa, 2026-cı ildə bu göstərici 170 min tonu keçib və biz hər il bu artımları müşahidə edirik".
Nazirin fikrincə, burada sevindirici hal o məqamdır ki, ölkə üzrə taxıl məhsuldarlığı bu il 33-34 sentner təşkil etmişdisə, məhz "Ərzaqlıq buğda" proqramında və müasir suvarma hesabına məhsuldarlıq 54 sentnerdən artıqdır.
O əlavə edib ki, müasir suvarmanın tətbiqi, lazer mala vasitəsilə hamarlaşdırma, keyfiyyətli toxumlardan istifadə, müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi, həmçinin sahələrdə gübrələmə və dərmanlama işlərinin dronlar vasitəsilə vaxtında icra olunması məhsuldarlığa müsbət təsir göstərir.
Nazir vurğulayıb ki, bundan sonrakı əsas hədəf əkin sahələrini genişləndirmək deyil, daha az sahədən daha yüksək məhsuldarlıq əldə etmək və bununla da məhsul istehsalını artırmaqdır.