Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu Zərdabdakı stadion sanki, unudulmuş, yaddan çıxmış və istismar müddəti bitmiş haldadır. Sakinlər bu idman ocağından istifadə edə bilmirlər.
Futbol
21 Oktyabr , 2022 15:53
Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Zərdab rayon mərkəzi stadionu sanki unudulmuş, yaddan çıxmış və istismar müddəti bitmiş haldadır. Sakinlər bu idman ocağından istifadə edə bilmirlər.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1500 tamaşaçı tutumuna malik, 3 hektara yaxın ərazisi olan stadionun vəziyyəti acınacaqlı haldadır.

Rayon mərkəzində yeganə olan stadion ötən əsrin 90-cı illərində istifadəyə verilib və bu müddət ərzində ancaq bir neçə dəfə yüngül təmir olunub.

İdman ocağı ötən 30 il ərzində bir dəfə də olsun əsaslı təmir olunmadığından tribunalar istifadəyə yararsız, meydança isə şoranlıq ərazidə yerləşdiyindən toz içindədir.

Sakinlər bildiriblər ki, rayondaxili bütün futbol turnirləri uzun illər boyu bu stadionda keçirilib. Onların sözlərinə görə, əvvəllər burada vəziyyət nisbətən yaxşı olub, torpağın şoranlığı o qədər də özünü büruzə verməyib. Amma son illər havanın quraqlıq keçməsi vəziyyəti bir qədər qəlizləşdirib. Artıq tozdan futbol oynamaq mümkün olmur.

Qonşu rayonlarda standartlara uyğun, şəraiti olan stadionlar olsa da, həmin rayonlara getmək vaxt itkisinə səbəb olur. Eyni zamanda maddi tərəfdən də sərfəli deyil.

Sakinlər digər rayonlarda olduğu kimi, Zərdabda da yeni ot örtüklü və idmanla məşğul olmaq üçün hər cür şəraiti olan meydanın tikilməsini və ya mövcud stadionun əsaslı təmir olmasını istəyirlər.

Məsələ ilə bağlı Zərdab rayon Gənclər və İdman idarəsindən bildirilib ki, adıçəkilən arena nazirliyin diqqətindədir, həmin stadion layihələndirilib və gələcəkdə əsaslı təmir olunması nəzərdə tutulur.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev isə “Report”un yerli bürosuna açıqlamasında qeyd edib ki, Zərdab rayonunda İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin, o cümlədən, qeyd edilən stadionun təmiri məsələsi növbəti illərin proqramlarına daxil edilməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi