Zaqatalada Futbol Akademiyasının yaradılması üçün AFFA-ya müraciət olunub.
Bu barədə “Report”a I Liqa təmsilçisi “Zaqatala”nın prezidenti Şaban Şirdanov məlumat verib.
Klub rəhbəri bildirib ki, Tovuz və Gəncədən sonra növbəti akademiyanın Zaqatalada fəaliyyət göstərməsi məsələsinə milli assosiasiyada baxılacaq: “Hələ Musa Qurbanov klub prezidenti olanda da müraciət edilmişdi. Müraciətdə qeyd etdik ki, bu səviyyədə aşağı liqada çıxış etməkdənsə, Zaqatalada akademiya yaradılsın, vəsait ora yönəldilsin. Bu məsələ AFFA-nın gündəmindədir. Qurumun başı indi növbəti konfransa qarışıb. Yəqin ki, AFFA-nın konfransından sonra buna baxılacaq”.
Şaban Şirdanov Zaqatalada futbolçu yetişdirməyin daha asan olduğunu düşünür: “Burada uşaqların futbola böyük axını var. Futbolçu yetişdirmək də mümkündür. Musa Qurbanov və Qurban Qurbanov amilini qeyd etmək kifayət edər. Millinin hazırkı heyətində yer alan Mahir Emreli, Musa Qurbanlı, Emil Səfərov, həmçinin İlkin Qırtımov, Murad Musayev, Vüqar Mustafayev, Murad Xaçayev, Aydın Bayramov kimi futbolçuların Zaqatala ilə bağlılıqları var. Yeni istedadların yetişməsi üçün çox istərdik ki, AFFA növbəti akademiyanı Zaqatalada açsın”.