"Legiya" üçün yaxşı püşk olmadı. Düşünürəm ki, hər iki tərəf nəticədən narazıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Super Express" nəşrinə açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Hazırda Plotsk "Visla"sında çıxış edən polşalı müdafiəçi ölkəsinin "Legiya" komandasının Azərbaycan təmsilçisinə potensial rəqib olmasına münasibət bildirib. 34 yaşlı oyunçu püşkdən öncə bu klubların bir-biri ilə düşməsini istəmədiyini söyləyib: "Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım "Legiya" ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm".
Jezniçak şansların bərabər olduğunu vurğulayıb: "Matçın Varşavada keçirilməsi "Legiya" üçün birmənalı olaraq üstünlükdür. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur. Çox vaxt isə qalib gəlir. Kimin favorit olduğunu demək çətindir. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdır. Mənim üçün oyun gününə qədər şanslar bərabərdir. Təəssüf ki, bu duel qrup mərhələsində baş tutamayacaq. O zaman matçı daha rahat izləyərdim".
Təcrübəli futbolçu 2017-2019-cu illərdə formasını geyindiyi "Qarabağ"la hazırkı komandanı müqayisə edib: "Düşünürəm ki, hazırkı "Qarabağ" zəifdir. Bizim vaxtımızda komanda Çempionlar Liqasının qrup mərhələsində oynamışdı. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu. Bu dəfə isə III raundda mübarizəni dayandırdılar. "Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada indiki komandanın zəif olduğunu düşünürəm".
Müdafiəçi "Qarabağ"ın heyətində 4 futbolçunu fərqləndirib: "Birinci sırada heç şübhəsiz, Polşa çempionatından da tanıdığımız Donald Geryedir. 1 il öncə "Legiya"dan təklif almışdı, amma qəbul etmədi. Bilirik ki, qol vurmağı bacarır. Bunu "Şerif"lə oyunda da gördük. Həmçinin fransalı yarımmüdafiəçi Abdullah Zubir də təhlükəlidir. Yadımdadır, "Arsenal"la Çempionlar Liqasının oyununda Ştefan Lixtştayneri o qədər aldatmışdı ki, başı fırlanırdı. Gənc hücumçu Mahir Emrelini də qeyd etməliyəm. Cəmi 23 yaşı var, artıq 2 dəfə çempionatın bombardiri olub".
Azərbaycan çempionunun qapıçısı Şahruddin Məhəmmədəliyev barədə də danışan Jezniçak qolkiperin boyunun qısa olduğunu deyib: "Qapı xəttində inamlı təsir bağışlayır. "Molde" ilə matçda penaltini qaytardı. Amma boyu elə də uca deyil. "Legiya" bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdır".
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Görüş oktyabrın 1-də səfərdə olacaq.