Xorvatiyanın yeniyetmələrdən (U-17) ibarət futbol millisinin baş məşqçisi Robert Yarni Konfrans Liqasında Zaqreb “Dinamo”su ilə qarşılaşacaq İspaniya təmsilçisi “Betis”i dəstəklədiyi üçün istefaya göndərilib.
"Report" xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat paylaşıb.
“Federasiya bu məsələdə məşqçilərlə bağlı dəqiq mövqe nümayiş etdirir. Milli komandaya rəhbərlik edən şəxsin Xorvatiya klubunun rəqibinə açıq dəstək verməsi qəbuledilməzdir” - məlumatda bildirilib.
Qeyd edək ki, "Dinamo" bu gün Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Betis"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Azərbaycan millisinin üzvü Mahir Emreli Zaqreb klubunun formasını geyinir.