Müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsus olan Viktor Osimhen hazırda icarə əsasında çıxış etdiyi Türkiyə təmsilçisi "Qalatasaray"a transfer olmaq ehtimalını istisna etməyib.
"Report" xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb.
Nigeriyalı futbolçu İstanbulda özünü rahat hiss edir və azarkeşlərin sevimlisi olmaqdan məmnundur. Həmçinin Osimhenin komandada çoxlu dostları var. Öz növbəsində "Qalatasaray" 25 yaşlı hücumçunu gələn yay klubda saxlamaq üçün ciddi səylər göstərir.
Qeyd edək ki, V.Osimhen cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avroya bərabərdir.