Vaqif Sadıqov: "Qarabağ" növbəti mərhələləri də inamla keçəcək"

Vaqif Sadıqov: "Qarabağ" növbəti mərhələləri də inamla keçəcək" "Ən vacib olan odur ki, Azərbaycana böyük futbol qayıdır. Hesab edirəm ki, ölkədə stabil vəziyyət yaranır və demək olar ki, xəstəliklə mübarizədə qalib gəlirik ".
Futbol
18 Avqust , 2020 13:04
Vaqif Sadıqov: Qarabağ növbəti mərhələləri də inamla keçəcək
Vaqif Sadıqov

"Ən vacib olan odur ki, Azərbaycana böyük futbol qayıdır. Hesab edirəm ki, ölkədə stabil vəziyyət yaranır və demək olar ki, xəstəliklə mübarizədə qalib gəlirik. "Qarabağ"ın bugünkü matçında azarkeşlər iştirak edə bilməyəcək və rəsmi şəxslər də az olacaq. Buna baxmayaraq inanıram ki, təmsilçimiz inamlı oyun sərgiləyəcək və qələbə qazanacaq".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i matçı barədə danışarkən deyib.

Assosiasiya rəsmisi bildirib ki, Ağdam təmsilçisinin qələbəsi Avropa Liqasında iştirak edən komandalara da motivasiya verəcək. Sadıqov hər kəsin futbol üçün darıxdığını söyləyib: "Ümid edirəm ki, avrokubokda iştirak edən komandalar uğurlu nəticələrlə bizi sevindirəcək".

Vitse-prezident deyib ki, "Qarabağ"ın sonuncu rəsmi matçına mart ayında çıxması komandaya çətinlik yaratmayacaq: "Uzağa getmək lazım deyil. Fransa çempionatı bütün liqalardan əvvəl dayandırıldı. Bu gün görürük ki, son aylarda oyun təcrübəsi olmayan PSJ və "Lion" Çempionlar Liqasının yarımfinalında ölkəni təmsil edir. Hesab edirəm ki, bu amil bizim çempionumuza və ümumiyyətlə Azərbaycan klublarına təsir etməyəcək. Onlar ilk matçlarda uğurlu nəticələrlə hər birimizi sevindirəcək".

Sabiq mütəxəssis "Qarabağ"ın yeni transferləri haqqında da danışıb: "Həmişə demişəm ki, bu komanda lazım olan transferləri gerçəkləşdirir və bu məsələyə çox ciddi yanaşır. Ölkə çempionunun Qəbələdəki təlim-məşq toplanışında "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdiyi yoxlama oyununu izləmişəm. Deyə bilərəm ki, yeni transferlər Ağdam təmsilçinə güc qatacaqlar. Kevin Medina ilə Uroş Matiç səviyyəli transferlərdir, Donald Gerye isə bu komandada çıxış edib və yeni futbolçu deyil. Millimizin qapıçısı Emil Balayevi də yaxşı tanıyırıq. "Qarabağ" tək hansısa oyunçularla yox, komanda şəklində güclü olduğunu göstərəcək".

Sadıqov avrokuboklarda zəif rəqibin olmadığını və matçlarda hər nəticənin ola biləcəyini sözlərinə əlavə edib: "Şanslar oyuna qədər bərabər olur. Matçda isə futbolçular şansı öz xeyirlərinə dəyişir. Arzu edirəm ki, "Qarabağ"ın futbolçuları ilk dəqiqələrdən güclü olduqlarını sübut etsinlər. Mübarizəyə qoşulub müsbət nəticə əldə edəcəyimizə inanıram. Mənim üçün əsas olan odur ki, komanda ilk mərhələni adlasın və psixoloji cəhətdən II mərhələyə hazır olsun. İnanıram ki, biz bu qələbənin şahidi olacağıq və "Qarabağ" tək bu mərhələni yox növbəti mərhələləri də inamla keçəcək, həmişə olduğu kimi futbol ictimaiyyətini sevindirəcək. "Qarabağ" hər bir Azərbaycan komandası üçün örnəkdir".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi