"Qol vurduğum üçün xoşbəxtlikdən göyün 7-ci qatındayam. Amma komandamın növbəti mərhələyə adlaması mənim üçün daha vacibdir".
"Report"un məlumatına görə, bunu Şotlandiyanın "Aberdin" klubunun futbolçusu Rayan Hedces "Red TV"yə müsahibəsində Konfrans Liqasının III təsnifat mərhələsində İslandiya "Breydbalik"inə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Pley-offda "Qarabağ"la qarşılaşacaqlarını xatırladan uelsli hücumçu Azərbaycana gəlməyi səbirsizliklə gözlədiyini bildirib: "İlk oyunumuz səfərdə olacaq. Daha sonra evdə öz azarkeşlərimiz qarşısında oynayacağıq. Fikrimcə, iki matçın nəticəsinə əsasən, məsələnin taleyini həll edə bilərik".
Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 19-da, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.