UEFA reytinqi: “Qarabağ” “Fənərbağça”nı geridə qoyub

UEFA reytinqi: “Qarabağ” “Fənərbağça”nı geridə qoyub Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Futbol
22 İyul , 2023 14:19
UEFA reytinqi: “Qarabağ” “Fənərbağça”nı geridə qoyub

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

“Report”un məlumatına görə, avrokuboklarda I təsnifat mərhələsinin oyunlarından sonra sıralamada müxtəlif yerdəyişmələr olub.

Son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub etməsi irəliləməsinə səbəb olub. 4 pilləlik sıçrayışa nail olan Qurban Qurbanovun yetirmələri aktivlərindəki 24.500 xalla 61-ci yerə yüksəliblər. “Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbağça” (Türkiyə) kimi klubları geridə qoyub.

“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 9.500 xalı olan “ağ-qaralar” 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivində 2 pilləlik geriləmə müşahidə edilib.

“Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 265-cidir.

Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.

“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.

Türkiyənin ən reytinqli komandası “Başakşehir”dir. İstanbul klubu 29.000 xalla 53-ci pillədə qərarlaşıb. “Qalatasaray” (26.000) 57-ci, “Fənərbağça” (23.500) 65-ci, “Sivasspor” (16.500) 88-ci yerdədirlər. “Trabzonspor” (11.500 xalla 111-ci), “Beşiktaş” (10.500 xalla 119-cu), “Adana Demirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” (hamısı 2.000 xalla 230-cu) ilk “100-lük”dən kənarda qalıblar.

Ukrayna “Şaxtyor”u keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev “Dinamo”su (26.000) 57-cidir. Bu sıralamada ilk “üçlüy”ü “Qarabağ” qapayır.

UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 xalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü İspaniya “Real Madrid”i (106.000) qapayıb.

Son xəbərlər

Orphus sistemi