"Mənim "Real Madrid"lə problemim yoxdur. Əlbəttə, hazırda klubun rəhbərliyi ilə əlaqədə deyiləm. Amma Madrid təmsilçisinin Çempionlar Liqasının finalına çıxması UEFA-nın bayrağı altında yarışın şəffaflığına sübutdur. "Barselona" isə qadınlar arasında ÇL-in finalına yüksəldi və heç kimi bu iki komandaya mane olmadı".
"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin İspaniyanın "Real Madrid" klubu ilə münasibətləri barədə "24ur.com" saytına açıqlamasında deyib.
Sloveniyalı funksioner bildirib ki, "kral klubu"nun yarımfinalda İngiltərənin "Mançester Siti" komandasını keçməsi onun üçün gözlənilməz olub: "Açığı, buna şübhə edirdim. Xüsusilə ilk oyundakı məğlubiyyətdən sonra. Amma görünür, "Real Madrid"in pişiklər kimi 7 canı var. Təcrübəli kollektivdir. Fikrimcə, komandanın müdafiəsi kifayət qədər zəifdir. Amma onların haqqında dəfələrlə danışdığım inanılmaz Kərim Benzeması var. Məncə, Benzema futbol tarixinin ən dəyərli futbolçularından biridir. Luka Modriç isə yaşlandıqca daha yaxşı təsir bağışlayır".
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə qarşılaşacaq. Görüş mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək.